Messini geridə qoyan qadın futbolçu - Aleksiya Putelyas

23 Aprel 2026 19:33
157
Messini geridə qoyan qadın futbolçu - Aleksiya Putelyas

İspaniyanın qadın futbolçulardan ibarət “Barselona” komandasının kapitanı Aleksiya Putelyas tarixi nailiyyətə imza atıb. O, kataloniyalıların heyətində qazandığı kubokların sayına görə əfsanəvi Lionel Messini geridə qoyub.

İdman.Biz xəbər verir ki, “Barselona”nın İspaniya çempionluğunu (Liga F) rəsmiləşdirməsi ilə Putelyas klubdakı 36-cı titulunu qazanıb. Bununla da o, “Barça”nın heyətində 35 titulu olan Messini qabaqlayaraq klub tarixinin ən titullu futbolçusu ünvanına sahib çıxıb.

Kataloniya təmsilçisi ardıcıl yeddinci, ümumilikdə isə 11-ci çempionluğunu bayram edib. Hazırda “Barselona”nın qadın komandası tarixi kvadrupla (bir mövsümdə dörd turnirdə qalibiyyət) doğru irəliləyir. Komanda artıq İspaniya Superkuboku və ölkə çempionatını qazanıb. Qarşıda isə onları Çempionlar Liqası və İspaniya Kubokunun finalları gözləyir.

Əgər hər iki turnirdə qələbə qazanılarsa, Aleksiya Putelyas mövsümü 38 titulla başa vura bilər.

İdman.Biz