Rüstəm Rəhimov: “Hakim qərarları “Sabah” - “Qarabağ” matçının nəticəsinə təsir etmədi”

23 Aprel 2026 13:33
148
Rüstəm Rəhimov: “Hakim qərarları “Sabah” - “Qarabağ” matçının nəticəsinə təsir etmədi”

“Dünənki oyunu idarə edən Rəvan Həmzəzadə təcrübəli hakimlərdən biridir. Onda sevdiyim xüsusiyyət budur ki, oyunu tez-tez saxlamır”.

Bu sözləri ümumittifaq dərəcəli referi Rüstəm Rəhimov Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah” və “Qarabağ” komandaları arasında keçirilən cavab oyunundakı hakim qərarlarını şərh edərkən deyib.

O, baş hakim Rəvan Həmzəzadənin matçı yaxşı idarə etdiyini bildirib.

“Rəvanın Azərbaycan çempionatının oyunlarında da az problemi olur. Oyunu yaxşı oxumaq bacarığı var. Dünənki matç ağır idi. Deyərdim ki, Azərbaycanda son illərdə belə maraqlı oyun izləməmişdik. Sanki İngiltərə və ya İspaniya çempionatlarının matçına baxırdıq. Biz qaydalarla danışmalıyıq. Görüşün 37-ci dəqiqəsində “Qarabağ”ın qapıçısı Mateuş Koxalskiyə verilən qırmızı vərəqə doğru qərar idi. Əgər top qapıdan keçsəydi, baş hakim “sarı” ilə kifayətlənəcəkdi. Lakin həmin epizod qolla yekunlaşmadığı üçün polşalı qolkiper meydandan qovuldu”, - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.

R.Rəhimov qarşılaşmanın son saniyələrində “Qarabağ”ın futbolçusu Kamilo Duranın ötürməsi zamanı topun cərimə meydançasında “Sabah”ın yarımmüdafiəçisi Velko Simiçin əlinə dəydiyi mübahisəli epizodla bağlı da danışıb:

“Bildiyiniz kimi, oyun qaydalarında dəyişikliklər edilib. Bizim vaxtımızda həmin epizod üçün penalti təyin edilərdi. Çünki əl bədəndən aralı idi. Lakin indi fərqlidir. Əl təbii vəziyyətdə və məsafə yaxın olduğu üçün on bir metrlik cərimə zərbəsi təyin olunmur. Qoyulan qaydalara qarşı çıxmaq olmaz. Yeni qaydaları götürsək, Rəvan Həmzəzadənin verdiyi qərarlar matçın taleyinə təsir etmədi”.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən, “Qarabağ”ı 4:3 hesabı ilə məğlub edən “Sabah” finala yüksəlib. Bakı klubu həlledici matçda “Zirə” ilə qarşılaşacaq.

İdman.Biz