“Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Qarabağ” komandasına qalib gəldikləri (2:1, ilk oyun – 2:2) matçı şərh edib.
İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis finala yüksəlmələrinə baxmayaraq, komandanın əsas hədəfə köklənməli olduğunu bildirib.
“Sabah” ailəsini təbrik edirəm. Bu qələbəni azarkeşlərimizə həsr etmək istəyirəm. Oyun bərabər səviyyədə keçdi, çətin anlarımız oldu. Hesab edirəm ki, buraxdığımız qol matçın həlledici epizodu idi, ondan sonra oyuna qayıda bildik. Xarakterimiz və inadkarlığımız sayəsində qələbə qazandıq. Əlbəttə, bu gün bu uğuru bir az qeyd edəcəyik, sonra isə növbəti oyunlara hazırlaşacağıq. Finala çıxmışıq, lakin Kuboku qazanmayana qədər bu, heç nə ifadə etmir”, - deyə Dambrauskas söyləyib.
Məşqçi həmçinin hakim qərarlarını şərh etməkdən imtina edib və hakimliyin inkişafının ölkə futbolunun ümumi yüksəlişinin vacib hissəsi olduğunu vurğulayıb:
“Əgər Azərbaycanda futbolun səviyyəsini qaldırmaq istəyiriksə, hakimlik də inkişaf etməlidir. Mən bir neçə ölkədə işləmişəm, lakin heç yerdə referi qərarlarının bu qədər tez-tez müzakirə olunduğunu görməmişəm. Elə olur ki, eyni epizodlarda fərqli qərarlar qəbul edilir”.
Dambrauskas əlavə edib ki, Kubokun finalı hər zaman çətin sınaqdır:
“Mən heç vaxt asan final görməmişəm. Ümid edirəm ki, həlledici gündə ən güclü komanda qalib gələcək”.
