İspaniya La Liqasının 33-cü turu çərçivəsində keçirilən matçda “Barselona” öz meydanında “Selta”nı qəbul edib. “Spotify Kemp Nou” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, oyunda yeganə qolu 40-cı dəqiqədə “Barselona”nın hücumçusu Lamin Yamal vurub.
İspaniya çempionatında 32 oyundan sonra 82 xal toplayan “Barselona” turnir cədvəlinə başçılıq edir. Əzəli rəqibi “Real”ın isə 73 xalı var. “Selta” 44 xalla yeddnci pillədə qərarlaşıb.
Növbəti turda “Barselona” aprelin 25-də səfərdə “Xetafe” ilə qarşılaşacaq. “Selta” isə bir gün sonra “Vilyarreal”ı sınağa çəkəcək.
00:37
İspaniya La Liqasının 33-cü turu çərçivəsində keçirilən matçda “Real Sosyedad” doğma meydanda “Xetafe”ni qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, oyunda yeganə qol 29-cu dəqiqədə vurulub. “Real Sosyedad”ın yarımmüdafiəçisi Yon Qorrotksateqi avtoqol müəllifi olub.
İspaniya çempionatında 32 oyundan sonra 42 xal toplayan “Real Sosyedad” turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. Aktivində 44 xal olan “Xetafe” isə altıncı yerdədir.
Növbəti turda “Real Sosyedad” aprelin 26-da səfərdə “Rayo Valyekano” ilə qarşılaşacaq. “Xetafe” isə bir gün əvvəl öz evində “Barselona”nı sınağa çəkəcək.
23:21
İspaniya La Liqasının 33-cü turu çərçivəsində “Elçe” doğma meydanda Madrid “Atletiko”sunu qəbul edib. Meydan sahibləri rəqibin sayca azlıqda qalmasından yararlanaraq 3:2 hesablı qələbə qazanıblar.
İdman.Biz xəbər verir ki, madridlilər artıq 10-cu dəqiqədə hesabı açıblar - Rodriqo Mendosanın ötürməsini Nikolas Qonsales qola çevirib. “Elçe” 18-ci dəqiqədə David Affenqruberin səyləri sayəsində tarazlığı bərpa edib. 33-cü dəqiqədə Andre Silva meydan sahiblərini yenidən önə çıxarsa da, cəmi bir dəqiqə sonra Qonsales dublunu rəsmiləşdirərək status-kvonu bərpa edib.
Matçın taleyini həll edən qol 75-ci dəqiqədə vurulub. Andre Silva ikinci dəfə fərqlənərək komandasına üç xal qazandırıb.
Qeyd edək ki, “Atletiko” oyunun böyük hissəsini Tiaqo Almadanən qırmızı vərəqə alaraq meydandan qovulması səbəbindən 10 nəfərlə keçirməli olub.
Bu nəticədən sonra Madrid klubu 57 xalla dördüncü pillədə qalıb. Xallarının sayını 35-ə çatdıran “Elçe” isə 15-ci sıraya yüksəlib.
