Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən “Qarabağ” - “Sabah” matçından sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis rəqibi təbrik edərək oyunun gərginliyindən və mübahisəli hakim qərarlarından danışıb.
Qarşılaşmanın taleyini həll edən penalti epizoduna toxunan baş məşqçi hakimlərin psixoloji durumuna diqqət çəkib:
“Topun ələ dəydiyini görmək olurdu, epizodu penalti kimi gördüm. Amma son saniyədə belə qərarlar gərginliyi artırır. Hakimlərə o qədər basqı olur ki, bəzən onlara yazığım gəlir. Səhv etməkdən qorxurlar, həyəcanları yüksək olur. Bu il hakimlər üçün sanki kabusdur, sanki başlarını itiriblər”.
Titulsuz keçən mövsüm və komandanın fiziki durumu barədə danışan mütəxəssis yorğunluğun əsas amil olduğunu bildirib:
“2021-ci ildə də titulsuz qalmışdıq, belə hallar normaldır. Çempionlar Liqası bizi çox yordu, sanki suyumuz çıxdı. Avropanın böyük klublarında, məsələn, “Liverpul”da da belə enişlər yaşanır. Premyer Liqaya tam köklənə bilmədik, amma ciddi narahatlığım yoxdur, çatışmayan cəhətləri bilirəm”.
Qurban Qurbanov hakim Rəvan Həmzəzadənin qərarını da tənqid edib:
“Hakimə dedim ki, bu qırmızı vərəqə sənin hakimliyinə yaraşmadı. Bu cür oyunda belə qırmızı vərəqə vermək çox sərt qərardır. Belə səhvlər bizi böyüdür. Nəriman Axundzadənin bir epizodu var idi, həmin epizod onu böyütdü. Lakin sonra ona çox təzyiqlər oldu. İndi hakimlik də səhvlərdən böyüməlidir”.
Heyətdəki dəyişikliklərə toxunan məşqçi, Mateus Silvanı mərkəz müdafiəçisi kimi inkişaf etdirmək istədiyi üçün ona şans verdiyini, Bədavi Hüseynovun oynamamasının səbəblərinin isə klub daxilində qalacağını qeyd edib. Qapıçı Fabian Koxalskinin mümkün gedişi ilə bağlı isə hazırda rəsmi təklif olmadığını və müqaviləsinin davam etdiyini vurğulayıb.
