Eskort qalmaqalındakı futbolçuların bəzilərinin adları məlum oldu

22 Aprel 2026 23:58
124
Eskort qalmaqalındakı futbolçuların bəzilərinin adları məlum oldu

İtaliyanın Milan şəhərində fahişəliyin təşkili və vasitəçilik ittihamı ilə başladılan irimiqyaslı araşdırmada yeni sensasiyalı detallar üzə çıxıb. “Ma.De. Milano” şirkətinin mərkəzində olduğu bu qalmaqalda futbolçular rəsmi olaraq şübhəli şəxs qismində hallanmasalar da, onların soyadları istintaq üçün əsas axtarış meyarlarına çevrilib.

İdman.Biz xəbər verir ki, Milan prokurorluğu saxlanılan şəxslərin telefon və rəqəmsal cihazlarını yoxlamaq üçün 70-ə yaxın futbolçunun soyadını “açar söz” kimi müəyyən edib.

“ilGiornale” və ANSA agentliyinin məlumatına görə, siyahıda Alessandro Bastoni, Rafael Leau, Duşan Vlahoviç, Əşrəf Hakimi, Filippe Koutinyo, Rikkardo Kalafiori, Olivye Jiru, həmçinin Daniel Maldini, Skamakka, Bissek, Din Heysen və Bellanova kimi tanınmış simaların adları yer alıb.

Qeyd olunur ki, futbolçuların heç biri cinayət törətməkdə ittiham olunmur. Lakin onların adları prokurorluğun dindirdiyi və ya nəzarətə aldığı şəxslərin gizli yazışmalarında və ödəniş sənədlərində keçir. Araşdırmalar göstərir ki, “Ma.De.” şirkəti vasitəsilə təşkil olunan gecə partilərində ulduz futbolçuların iştirakı olub. İstintaq orqanları bu futbolçuların sadəcə əyləncə məqsədli yığıncaqlarda iştirak etdiyini, yoxsa otellərdə göstərilən “extra” eskort xidmətlərindən yararlandığını dəqiqləşdirməyə çalışır.

İstintaq materiallarında qeyd olunur ki, təşkil olunan bəzi gecələrdə ödənişli cinsi xidmətlərlə yanaşı, "gülüş qazı" kimi tanınan azot-oksiddən də istifadə edilib. Ümumilikdə “Revolut” və müxtəlif İtaliya bank hesabları vasitəsilə 500 min avro (1 milyon AZN) məbləğində şübhəli pul köçürməsi qeydə alınıb. Bəzi sənədlərdə futbolçuların adlarının qarşısında minlərlə avroluq məbləğlərin qeyd olunduğu bildirilir.

Məhkəmə sənədlərində bəzi adlar gizli saxlanılsa da, texniki səhvlər ucbatından Markus Pedersen və Kristian Volpatonun adları açıq şəkildə yayılıb. Həmçinin, əfsanəvi futbolçu Deyan Stankoviçin də bəzi telefon danışıqlarında adının çəkildiyi məlum olub. Lakin vurğulanır ki, bu şəxslərin heç birinin eskort xidmətləri ilə birbaşa əlaqəsi hələlik sübuta yetirilməyib.

İdman.Biz