“Qalatasaray”da dörd yeni imza: Uğurcana böyük maaş

7 İyun 2026 16:13
98
“Qalatasaray”da dörd yeni imza: Uğurcana böyük maaş

Türkiyənin “Qalatasaray” futbol klubu yeni mövsüm öncəsi daxili transferdə ciddi addımlar atmağa hazırlaşır.

İdman.Biz xəbər verir ki, İstanbul təmsilçisi baş məşqçi Okan Burukla yanaşı, dörd futbolçusu ilə də yeni anlaşma imzalamağı planlaşdırır.

Klub rəhbərliyi növbəti mövsüm üçün hədəfləri daha da böyüdüb. “Qalatasaray” Türkiyə Superliqasında ardıcıl beşinci çempionluğu qazanmağı və Çempionlar Liqasında ən azı dörddəbir finala yüksəlməyi qarşısına məqsəd qoyub.

“Qalatasaray” yay transfer dönəmində heyətini bir mərkəz müdafiəçisi, bir mərkəz yarımmüdafiəçisi, bir on nömrə və bir alternativ hücumçu ilə gücləndirməyi planlaşdırır. Amma xarici futbolçu limiti səbəbindən klub hələlik transfer bazarında tələsmir.

Bu səbəbdən rəhbərlik diqqəti daxili transferə yönəldib. İlk olaraq Okan Burukla yeni müqavilə imzalanması nəzərdə tutulur. Daha sonra komandanın əsas futbolçuları ilə danışıqların yekunlaşdırılması planlaşdırılır.

İstanbul təmsilçisi ötən mövsüm çempionluğun əsas memarlarından biri olan Uğurcan Çakırın maaşında ciddi artım etməyə hazırlaşır. Klub onun illik qazancını 200 milyon TL-yə (7,38 milyon AZN) çatdırmaq niyyətindədir.

Bundan başqa, Abdülkerim Bardakcı, İsmail Yakobs və Mario Lemina ilə də qısa müddətdə yeni müqavilə imzalanması gözlənilir.

İdman.Biz