İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Kilian Mbappe sosial şəbəkədəki hərəkəti ilə böyük səs-küyə səbəb olub. Fransız futbolçu Joze Mourinyonun Madrid klubuna mümkün qayıdışı ilə bağlı paylaşıma “bəyənmə” qoyub.
İdman.Biz xəbər verir ki, “score90” instaqram hesabı tərəfindən paylaşılan kollajda Mourinyonun 2012-ci ildə Kriştianu Ronaldu və Məsut Özillə, 2026-cı ildə isə Kilian Mbappe və Arda Gülərlə birlikdə təsviri yer alıb. Paylaşımdakı mətndə portuqaliyalı mütəxəssisin vaxtilə Ronaldunun məhsuldarlığını elit səviyyədən qeyri-adi səviyyəyə qaldırdığı xatırladılıb və eyni transformasiyanın Mbappe ilə də baş verib-verməyəcəyi sual edilib.

Son günlər İspaniya mətbuatında hazırda “Benfika”nı çalışdıran 63 yaşlı Joze Mourinyonun yenidən “Real”ın sükanı arxasına keçə biləcəyi barədə xəbərlər intensivləşib. İddialara görə, klub prezidenti Florentino Peresin yaxın əhatəsində portuqaliyalı məşqçinin namizədliyi ciddi şəkildə müzakirə olunur.
Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illərdə “Real”ı çalışdırıb və bu müddətdə İspaniya çempionluğu, ölkə kuboku və superkubokunu qazanıb.
