Derbi öncəsi “Qalatasaray”da fövqəladə vəziyyət

22 Aprel 2026 18:41
159
Derbi öncəsi “Qalatasaray”da fövqəladə vəziyyət

Türkiyə Superliqasında çempionluq yarışının taleyini həll edəcək 26 aprel tarixli “Qalatasaray” - “Fənərbağça” derbisi öncəsi sarı-qırmızılıların düşərgəsində nizam-intizam ən yüksək səviyyəyə qaldırılıb. Baş məşqçi Okan Buruk taktik planların və heyət seçimlərinin rəqib tərəfə sızmaması üçün Kemerburqaz bazasında radikal qərarlar qəbul edib.

İdman.Biz xəbər verir ki, son dövrlərdə artan məlumat sızıntıları və taktiki detalların mətbuatda yayılması texniki heyəti hərəkətə keçirib. Bu məqsədlə bazada bəzi sərt addımlar atılıb. Taktiki məşqlər zamanı hətta klub əməkdaşlarının belə meydançanı izləməsi qəti şəkildə qadağan edilib. Futbolçuların hazırlaşdığı saatlarda baza daxilində personalın hərəkəti minimuma endirilib.

Derbi həftəsi boyunca Kemerburqaz bazasına rəhbərliyin xüsusi icazəsi olmadan heç bir qonaq qəbul edilməyəcək. Futbolçuların yaxın çevrəsindən isə yalnız həyat yoldaşları və övladlarının girişinə icazə veriləcək. Eyni zamanda, klubun rəsmi fotoqrafları və operatorları istisna olmaqla, hər hansı şəxsin foto və ya video çəkməsi qadağan olunub. Okan Buruk bu “bağlı qapılar” modelini yalnız bu derbi üçün deyil, vəzifədə olduğu müddətcə daimi etməyi planlaşdırır.

Qeyd edək ki, çempionluq yolunda həlledici rol oynayacaq “Qalatasaray” - “Fənərbağça” qarşılaşması 26 aprel bazar günü Bakı vaxtı ilə saat 21:00-da RAMS Parkda start götürəcək. Hazırda lider olan “Qalatasaray” ən yaxın izləyicisi ilə xal fərqini qorumağa çalışır.

İdman.Biz