“Barselona”da böyük təmizlik: 11-likdən üç namizəd var

22 Aprel 2026 04:42
337
“Barselona”da böyük təmizlik: 11-likdən üç namizəd var

“Barselona”da gələn mövsümün heyət formalaşdırılması ilə bağlı mühüm yeniliklər var. Klub bir neçə ulduz futbolçu ilə yollarını ayırmağa hazırlaşır.

İdman.Biz “The Athletic” nəşrinə istinadla xəbər verir ki, Robert Levandovskinin komandada qalmaq ehtimalı olduqca aşağıdır. Polşalı hücumçunun müqaviləsinin müddətinin uzadılmayacağı gözlənilir.

Eyni zamanda, “Mançester Yunayted”dən icarəyə götürülən Markus Raşfordun da daimi transferi gündəmdən düşüb. Rəhbərlik Rafinyanın yoxluğunda ingilis futbolçunun “Atletiko Madrid”ə qarşı hər iki oyunda göstərdiyi qeyri-sabit performansı bəyənməyib və 30 milyon avroluq (60 milyon AZN) satınalma hüququnu aktivləşdirməmək qərarına gəlib.

Klubdakı digər dəyişikliklər də diqqət çəkir. Ferran Torreslə müqavilənin yenilənməsi planlaşdırılmır və gələn təkliflər dəyərləndiriləcək. Gənc yarımmüdafiəçi Mark Kasadonun yayda komandadan ayrılacağı demək olar ki, dəqiqləşib.

Qapıçı mövqeyinə gəlincə, Voytsex Şçensnının çıxışından razı qalan klub, buna baxmayaraq yeni ehtiyat qapıçı axtarışındadır. Namizədlər arasında Aleks Remiro olsa da, o, prioritet hesab edilmir. İnyaki Penyanın geri qayıtması isə Hans-Diter Fliklə olan münasibətləri səbəbindən sual altındadır. Akademiyadan Dieqo Koçenin əsas komandaya yüksəldilməsi daha real variant kimi görünür.

Maliyyə vəziyyətinə gəlincə, “Barselona” rəhbərliyi yayda normal qaydada transferlər edə biləcəyinə əmindir. Klub rəsmiləri bildirirlər ki, əsas problem vəsait çatışmazlığı deyil, La Liqanın maliyyə feyr-pley qaydaları ilə bağlıdır. Hazırda bu qaydalara uyğunlaşmaq üçün müvafiq addımlar atılır.

İdman.Biz