Bir vaxtlar bütün dünyanı heyrətləndirərək İngiltərə çempionu olan “Lester Siti” futbol klubu növbəti sarsıntını yaşayıb. “Tülkülər” Çempionşipi tərk edərək ölkənin üçüncü güclü divizionu olan Liqa 1-ə yuvarlanıblar.
İdman.Biz xəbər verir ki, Çempionşipdə keçirdiyi 44 oyundan sonra 42 xal toplayan komanda turnir cədvəlinin sonuncu pillələrində qərarlaşıb. Yarışın bitməsinə iki tur qalmış 21-ci pillədəki “Blekbern Rovers”lə (49 xal) xal fərqinin yeddiyə yüksəlməsi “Lester”in liqada qalmaq üçün riyazi şanslarını tamamilə itirməsi ilə nəticələnib.
Klubun bu mövsümkü uğursuzluğunda fevral ayında tətbiq edilən cəza da mühüm rol oynayıb. Belə ki, 2023/2024 mövsümündə gəlirlilik və davamlılıq qaydalarını pozduğu üçün komandanın aktivindən altı xal silinib. Ötən mövsüm Premyer Liqada 18-ci yeri tutaraq elitadan düşən “Lester” cəmi bir il sonra daha bir pillə aşağı enməli olub.

Qeyd edək ki, 2019-2020-ci il mövsümündə “Qarabağ”ın qapıçısı olmuş və iki metr boya malik 38 yaşlı Asmir Beqoviç hazırda “Lester”in şərəfini qoruyur.

Xatırladaq ki, “Lester” 2015/2016 mövsümündə Klaudio Ranyerinin rəhbərliyi altında 81 xal toplayaraq ən yaxın izləyicisi “Arsenal”ı 10 xal qabaqlamış və sensasiyalı şəkildə İngiltərə çempionu olmuşdu.
