Fransa Kuboku: “Lans” “Tuluza” məğlub edərək finala çıxdı

22 Aprel 2026 01:35
131
Fransa Kuboku: “Lans” “Tuluza” məğlub edərək finala çıxdı

Fransa Kubokunun yarımfinal mərhələsində “Lans” doğma meydanda “Tuluza”nı qəbul edib. “Bollar-Delelis” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 4:1 hesablı böyük qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, “Lans” oyuna olduqca sürətli başlayıb. Matçın 11-ci dəqiqəsində Flor yan Toven penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. Cəmi yeddi dəqiqə sonra Allan Sent-Maksimen komandasının üstünlüyünü ikiqat artırıb. “Tuluza” 21-ci dəqiqədə Santyaqo Massanın qolu ilə fərqi azaltsa da, meydan sahiblərinin hücumlarının qarşısını ala bilməyib. 35-ci dəqiqədə müdafiəçi Matye Udol üçüncü topu rəqib qapısından keçirib.

İkinci hissədə də üstünlüyünü qoruyan “Lans” matçın son nöqtəsini 75-ci dəqiqədə qoyub. Yarımmüdafiəçi Adrien Tomasson fərqlənərək yekun hesabı müəyyənləşdirib. Bu qələbə ilə “Lans” adını Fransa Kubokunun finalına yazdırıb. Komandanın həlledici matçdakı rəqibi “Strasbur” - “Nitsa” cütünün qalibi olacaq.

İdman.Biz