Almaniya Bundesliqasının 30-cu turu çərçivəsində Münhenqladbax “Borussiya”sı öz meydanında “Mayns”ı qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, matçda hesab yeddinci dəqiqədə açılıb. Uqo Bolinin ötürməsindən sonra Cozef Skalli meydan sahiblərini önə çıxarıb.
Qarşılaşmanın sonuna qədər üstünlüyünü qoruyan “Borussiya” qələbəni bayram etməyə hazırlaşarkən, “Mayns” dramatik şəkildə tarazlığı bərpa edib. Hakim tərəfindən əlavə olunmuş vaxtda təyin edilən penalti zərbəsini Nadim Amiri dəqiq yerinə yetirərək qonaqlara bir xal qazandırıb.
Bu nəticədən sonra Münhenqladbax təmsilçisi 31 xalla Bundesliqa cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Aktivində 34 xal olan “Mayns” isə 10-cu sıradadır.
Qeyd edək ki, komandalar arasında mövsümün ilk dövrəsində keçirilən oyunda “Borussiya” 1:0 hesabı ilə qalib gəlmişdi.
21:38
“Bavariya” Almaniya Bundesliqasının 30-cu turunda öz meydanında “Ştutqart”ı qəbul edib. Gərgin keçən qarşılaşma münhenlilərin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, meydan sahiblərinin qollarını Rafael Gerreyru, Nikolas Cekson, Alfonso Devis və Harri Keyn vurublar. Qonaqların heyətində isə Kris Fürix və Çema Andres fərqlənməyi bacarıblar.
Bu qələbədən sonra xallarının sayını 79-a çatdıran “Bavariya” mövsümün başa çatmasına dörd tur qalmış çempionluğunu elan edib. Bununla da Münhen təmsilçisi tarixində 35-ci dəfə Almaniyanın ən güclüsü adını qazanıb. “Qırmızılar” bu göstərici ilə ölkə rekordunu yeniləyiblər.
19:56
“Frayburq” Almaniya Bundesliqasının 30-cu turunda öz meydanında “Haydenhaym”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, oyunun 24-cü dəqiqəsində Yoan Manzambi “Frayburq”u hesabda irəli çıxarıb. Qonaqlar 58-ci dəqiqədə Budu Zivzivadzenin qolu ilə tarazlığı bərpa etsələr də, 83-cü dəqiqədə Maksimilian Eqqeştayn vurduğu qolla komandasına üç xal qazandırıb.
Bununla da bütün turnirlər daxil olmaqla qələbə seriyasını dörd matça çatdıran “Frayburq” xallarını 43-ə yüksəldərək turnir cədvəlində yeddinci sıraya qalxıb. 19 xalı olan “Haydenhaym” isə sonuncu - 18-ci pillədə qərarlaşıb.
