Misli Premyer Liqasının 28-ci turunda öz meydanında “Sabah”a minimal hesabla (0:1) uduzan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında rəqibi təbrik edərək, komandasının çıxışından razı qalmadığını bildirib. Təcrübəli mütəxəssis bəzi futbolçuların performansında çatışmazlıqlar olduğunu və kollektivdə psixoloji yorğunluğun hiss edildiyini vurğulayıb.
İdman.Biz xəbər verir ki, Qurban Qurbanov Çempionlar Liqasındakı uğurlu çıxışdan sonra komandanın daxili çempionata tam toparlana bilmədiyini qeyd edib. O, sıx qrafikin və uzun müddət 3-4 gündən bir oyuna çıxmağın oyun keyfiyyətinə mənfi təsir etdiyini, sanki bütün fikirlərin Avropaya kökləndiyini bildirib. Baş məşqçi qeyd edib ki, kollektivdə yaranan bu durğunluq dünya təcrübəsində də rast gəlinən normal bir hal olsa da, çatışmazlıqları aradan qaldırmaq üçün önə pozitiv baxmaq lazımdır.
“İllər boyu bu cür oynamışıq. "Sabah" daha aktivdir, kompleks olaraq daha hazırlıqlıdırlar. Çempionatda get-gedə hamı bir-birini tanıyır. Bir komandaya qarşı bir neçə oyun keçirdikdə, ona qarşı daha inamlı olursan. Çempionatda komandalar öz qabiliyyətlərini yaxşılaşdırılar, biz çempionata istədiyimiz kimi hazır ola bilmədik”, - deyə Qurbanov vurğulayıb.
Jurnalistlərin əvəzedici heyətə göndərilən futbolçularla bağlı suallarını cavablandıran mütəxəssis, intizam məsələlərində kompromisə getməyəcəklərini vurğulayıb. Elvin Cəfərquliyevin bağışlanıb-bağışlanmayacağı ilə bağlı hələ dəqiq qərar vermədiyini deyən Qurbanov, klubun adının “Qarabağ” olduğunu və burada hər kəsin stabil çıxış etməli olduğunu xatırladıb:
“Sevindirici tərəfi odur ki, nə var onu danışıb, onu deyib. Söhbətimiz olmağı, filan. İstənilən futbolçunun arxasındayam. Bu günə qədər olmayıb ki, hansısa futbolçunun inkişafını düşünməyim, yaşam tərzini, gələcəyini düşünməyim. Ən zəif oynayan futbolçunu belə, gələcəyini düşünmüşəm, söhbətləşmişəm. İnsanların müəyyən yaş vaxtı olur, onda futbolçu daha möhkəm, xarakterli olmalıdır. Elvin üçün orada oturma, burada otur, o çağrsın, bu çağırsın. ÇL-də turun oyunçusu oldu. Futbolçulara hər zaman deyirəm, bir oyun o demək deyil ki, missiyan tamamlandı. Bu, "Qarabağ" klubudur. Bir-iki oyun udursan, bir xal sənə mane olur. O demək deyil ki, ÇL-də üç oyun yaxşı oynamışam, vacib matçda intizamsızlıq edim. Bağışlanmağa gəldikdə, proses davam edir. Digər klublar məni düzgün başa düşsün, bəlkə hansısa klubda nəyəsə göz yummaq olar. Amma klubun adı "Qarabağ"dırsa, buna göz yuma bilmərik. Cəzalar klubdaxili bir şeydir. Futbol elə oyundur ki, burada stabil olmaq lazımdır. Futbolçularımın əziyyətini yerə vura bilmərəm. Daim özlərinə də bu haqda danışmışam, iclaslarda bildirmişəm. Narahat olduğum nədir? ÇL-dəki uğurları düşünərək, çempionatı belə yola verməli deyilik. Bu gün mən oyundan razı qalmadım. Uduzduğumuz əvvəlki matçdan razı qalmışdım. Bu günkü oyun üçün 4-5 məşq birlikdə etmişdik. Bəlkə, oyunçularımı daha da incələməliyəm, yaşam tərzini, ya hərtərəfli”.
Azarkeşlərin mümkün etirazlarına da toxunan Qurbanov, ona hər hansı neqativ fikrin çatmadığını, əksinə, tərəfdarların hər zaman komandanın yanında olduğunu deyib.
Qeyd edək ki, “Qarabağ” çərşənbə günü kubok matçında yenidən “Sabah”la qarşılaşacaq və baş məşqçi həmin görüşdə müəyyən dəyişikliklərin olacağını istisna etməyib.
