Dambrauskas: “İkinci hissədəki çıxışımız akademiyalarda nümunə kimi göstəriləcək oyundur”

18 Aprel 2026 23:22
163
Dambrauskas: “İkinci hissədəki çıxışımız akademiyalarda nümunə kimi göstəriləcək oyundur”

Misli Premyer Liqasının 28-ci turunda səfərdə “Qarabağ”ı minimal hesabla (1:0) məğlub edən “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında komandasının çıxışını yüksək qiymətləndirib. Litvalı mütəxəssis xüsusilə ikinci hissədəki oyunun taktiki baxımdan mükəmməl olduğunu vurğulayıb.

İdman.Biz xəbər verir ki, baş məşqçi rəqibin gücünü qeyd edərək, bu qələbənin oyunçularının böyük əməyi olduğunu bildirib. O, çox güclü rəqibin meydançasında qalib gəlməyin çətinliyini qeyd edərək, ikinci hissədə komandasının verdiyi reaksiyadan razı qaldığını deyib.

Dambrauskasın sözlərinə görə, oyunçuları rəqibə heç bir boşluq verməyib və bu çıxış hansısa məşqçi kurslarında nümunə kimi göstəriləcək səviyyədədir.

Baş məşqçi uğurun sirrini oyunçuların meydanda ürəyini qoymasında və məşqlərdəki yüksək intensivlikdə görüb. 26-27 oyundur uduzmadıqlarını xatırladan mütəxəssis, Abdullax Xaybullayevin qırmızı vərəqə almasına baxmayaraq, onun komanda üçün vacib fiqur olduğunu və səhvlərin futbolun bir parçası hesab edildiyini vurğulayıb.

Zədələnərək xəstəxanaya aparılan Mikelsin durumunun ciddi olduğunu bildirən Dambrauskas, hazırda Çempionlar Liqası barədə yox, qarşıdakı kubok matçına kökləndiklərini qeyd edib.

İdman.Biz