Avropa kuboklarında yarımfinalçılar müəyyənləşdikdən sonra Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında bu mövsümün ən çox gəlir əldə edən klublarının siyahısı yenilənib. Arda Turanın baş məşqçisi olduğu Donetsk “Şaxtyor”u Konfrans Liqasında liderliyə yüksəlib.
İdman.Biz “Football Meets Data” platformasının hazırladığı hesabata istinadla xəbər verir ki, qitənin ən nüfuzlu turniri olan Çempionlar Liqasında yarımfinala vəsiqə qazanan “Bavariya” 127.3 milyon avro (254.3 milyon AZN) gəlirlə zirvədə qərarlaşıb. Onu “Arsenal” (124.7 milyon avro / 249.1 milyon AZN) və PSJ (120.9 milyon avro / 241.6 milyon AZN) izləyir. Yarımfinalçı olan “Atletiko” (Madrid) isə 104.2 milyon avro (208.2 milyon AZN) qazanc əldə edib.
Avropa Liqasında 28 milyon avro (55.9 milyon AZN) gəlirlə “Aston Villa” birincidir. Onu “Frayburq” və “Braqa” (hər biri 25.6 milyon avro / 51.1 milyon AZN) təqib edir. Vitor Pereyranın rəhbərlik etdiyi “Nottinqem Forest” isə 24.1 milyon avro (48.1 milyon AZN) ilə dördüncü pillədədir.
Konfrans Liqasında isə Arda Turanın rəhbərliyi altında uğurla çıxış edərək yarımfinala adlayan “Şaxtyor” turnirin ən çox qazanan klubu olub. Donetsk təmsilçisi indiyədək 14.1 milyon avro (28.1 milyon AZN) gəliri təmin edib. Digər yarımfinalçılar “Strasbur” 14 milyon avro (27.9 milyon AZN), “Rayo Valyekano” 13.8 milyon avro (27.5 milyon AZN) və “Kristal Palas” 13.4 milyon avro (26.7 milyon AZN) qazanıblar.
