İspaniyanın “Barselona” futbol klubu hücum xəttini gücləndirmək üçün “Malyorka”nın forvardı Vedat Murikini yaxından izləməyə davam edir. Kataloniya klubu boyu və hava toplarındakı üstünlüyü ilə fərqlənən kosovolu hücumçunu heyətin digər oyunçularından fərqli üstünlüklərə malik profil kimi görür.
İdman.Biz insayder Karlos Monforta istinadla xəbər verir ki, Murikinin əsas gücü onun fiziki göstəriciləri, cərimə meydançasındakı kəskinliyi və rəqib müdafiəçiləri öz üzərinə çəkərək boşluqlar yaratmaq qabiliyyətidir. “Mavi-qumral”lar artıq vasitəçilər vasitəsilə keçidin detalları ilə maraqlansalar da, hələlik futbolçunun ətrafı ilə birbaşa təmas qurulmayıb.
Hazırda Murikinin müqaviləsində 40 milyon avro (80 milyon AZN) sərbəstqalma məbləği qeyd olunsa da, real qiymətin daha aşağı olacağı gözlənilir. Xüsusilə “Malyorka”nın Sequndaya düşəcəyi təqdirdə transfer qiymətinin əhəmiyyətli dərəcədə azalacağı ehtimal edilir. Futbolçu özü isə gələcəyi ilə bağlı yekun qərarı vermək üçün mövsümün sonunu gözləmək niyyətindədir.
