Alessandro Bastoni “Barselona”ya “hə” dedi

18 Aprel 2026 02:37
231
Alessandro Bastoni “Barselona”ya “hə” dedi

İtaliyanın “İnter” futbol komandasının mərkəz müdafiəçisi Alessandro Bastoni karyerasını “Barselona”da davam etdirməyə razılıq verib. İtaliyalı futbolçu artıq bu transfer üçün prinsipial razılığını bildirib.

İdman.Biz xəbər verir ki, şəxsi müqavilə şərtlərinin razılaşdırılması Kataloniya klubu üçün problem yaratmayacaq. Bastoni katalonların layihəsində iştirak etməkdə maraqlıdır və İspaniyaya köçməyə hazırdır.

Lakin bu keçidin reallaşması yolunda əsas maneə “İnter”in mövqeyidir. Milan klubu əsas müdafiəçilərindən birini asanlıqla buraxmaq niyyətində deyil. Bu səbəbdən “Barselona” rəhbərliyi “neradzurrilər”i razı salmaq üçün kifayət qədər çətin danışıqlar aparmalı olacaq.

Qeyd edək ki, 27 yaşlı müdafiəçinin bazar dəyəri təxminən 70 milyon avro (140 milyon AZN) civarında qiymətləndirilir. Onun İtaliya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

İdman.Biz