Qadın futbolçulardan ibarət Azərbaycan millisi Dünya Çempionatı-2027-nin seçmə mərhələsi çərçivəsində Andorra yığması ilə keçiriləcək cavab qarşılaşması öncəsində hazırlıqlarını davam etdirir. Komandamız Bakıdakı həlledici oyun ərəfəsində növbəti məşq prosesini reallaşdırıb.
İdman.Biz xəbər verir ki, baş məşqçi Siyasət Əsgərovun rəhbərliyi altında keçirilən hazırlıq prosesində futbolçuların fiziki və taktiki hazırlığına xüsusi diqqət yetirilib.
Xatırladaq ki, bu komandalar arasında bir neçə gün əvvəl Andorrada baş tutan ilk görüş millimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Həmin oyunda Sevinc Cəfərzadə dubl edib, digər qolu isə Esra Manya vurub.
Azərbaycan və Andorra yığmaları arasındakı növbəti qarşılaşma aprelin 18-də, saat 17:00-da "Bank Respublika Arena"da start götürəcək.
