Dünya çempionatının seçmə mərhələsində Andorra üzərində qazanılan qələbə Azərbaycanın qadın futbolçulardan ibarət millisi üçün çox əhəmiyyətli olub.
Bunu yığmanın üzvü Nigar Mirzəliyeva deyib.
Müdafiəçi Andorranı 3:1 hesabı ilə məğlub etdikləri matçı dəyərləndirib.
“Andorra ilə oyun bizim üçün çox önəmli idi. Görüşə ciddi hazırlaşmışdıq. Bir az çətin oyun oldu. Rəqibi təhlil etmişdik, lakin təəssüf ki, bir səhvə yol verdik və qol buraxdıq. Amma komanda olaraq oyundan qopmadıq, daha yaxşı çıxış edərək 3 qol vurduq və qalib gəldik. Bir az həyəcan var idi və məhz bu, bizi səhvə məcbur etdi”, - deyə o, report.az-a açıqlamasında söyləyib.
N.Mirzəliyeva baş məşqçi Siyasət Əsgərovun tapşırıqlarının qələbədəki rolunu vurğulayıb:
“Siyasət müəllim dedi ki, hücuma tələsməyin. Çünki biz qol vurmağa tələsirdik və bu səbəbdən hücumlarımız alınmırdı. O bildirdi ki, planımız nədirsə, nə işləmişiksə, onu da tələsmədən yerinə yetirək. Biz də məşqçinin dediklərini etdik və nəticədə 3 qol vuraraq qalib gəldik”.
Almaniyanın “Hamburq” klubunda legioner həyatı yaşayan 23 yaşlı futbolçu Macarıstana 0:1 hesabı ilə məğlub olduqları ilk oyunu xatırlayaraq qrupdakı məqsədlərindən danışıb:
“Düşünürəm ki, Macarıstanla oyunda hesabı qoruya bilərdik. Yenə də hücuma tələsdik və öz səhvimizdən qol buraxdıq. Amma növbəti oyunlarda qələbənin bizimlə olacağına inanıram. Məqsədimiz qrup səddini keçməkdir və bunun üçün komanda olaraq bütün oyunlara ciddi hazırlaşırıq. Artıq rəqibi tanıyırıq, necə komanda olduğunu bilirik. Yenə də çətin olacaq, lakin biz səhvləri təhlil edib daha yaxşı hazırlaşacağıq”.
Aprelin 18-də keçiriləcək oyunun əhəmiyyətinə toxunan müdafiəçi şansları dəyərləndirib:
“Bizim üçün əsas aprelin 18-dəki oyundur. İlk olaraq Andorraya köklənmişik və inşallah, həmin oyunda maksimum xal qazanmaq istəyirik. Macarıstanla ev matçına gəldikdə, bilirik ki, həmin görüşdə 3 xal qazansaq, qrupu birinci yerdə bitirə bilərik. Ona görə də həmin oyuna maksimum motivasiya ilə çıxacağıq”.
Qeyd edək ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu Azərbaycan millisi aprelin 18-də Masazırdakı “Bank Respublika Arena”da Andorra ilə münasibətləri aydınlaşdıracaq.
