“Turan Tovuz”un kapitanı: “Hər kəsi udmalıyıq”

13 Aprel 2026 10:15
181
“Turan Tovuz”un kapitanı: “Hər kəsi udmalıyıq”

“Komanda çempionatı hətta üçüncü pillədə başa vursa da, kuboku qazanmaq istəyirik. Sırf Avropaya getmək üçün oynamırıq”.

Bu sözləri “Turan Tovuz”un kapitanı Faiq Hacıyev deyib.

27 yaşlı müdafiəçi Misli Premyer Liqasının 27-ci turunda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışıb. O, həmçinin komandada 100-cü matçına çıxması ilə bağlı hisslərini də bölüşüb.

“100-cü oyuna çıxacağımı bilirdim, amma bunun anons ediləcəyini gözləmirdim. Mənim üçün xoş oldu. Ümid edirəm, daha çox oyun keçirmək qismət olar. Belə bir gündə vacib qələbə qazanmaq sevindiricidir”, - deyə o, futbolinfo.az-a açıqlamasında söyləyib.

Hacıyev Azərbaycan Kubokunun yarımfinalında “Zirə” ilə keçiriləcək cavab görüşünə də toxunub:

“Qarşıda “Araz-Naxçıvan”la matç var, sonra “Zirə” ilə kubok oyununa hazırlaşacağıq. Futbolda hər şey mümkündür. Məqsədimiz mərhələni keçməkdir. Heç kimdən çəkinmirik, özümüzə inanırıq. Sona qədər mübarizə aparacağıq. Şansımız varsa, niyə də kuboku qazanmayaq? İlk oyunu hələ tam təhlil etməmişik. Cavab görüşündə məşqçinin tapşırıqlarını yerinə yetirib daha yaxşı çıxış etməyə çalışacağıq. Rəqiblərə qarşı başabaş mübarizə aparmaq niyyətindəyik. Aşağı pillədə olan komandaların da bizə çatmaq imkanı var, buna görə diqqətli olmalıyıq”.

Hacıyev tez-tez rast gəldikləri yanlış hakim qərarlarına da münasibət bildirib:

“Hakimlərə fikir vermirik. Öz oyunumuza baxmaq daha vacibdir. Uğur qazanmaq istəyiriksə, hər kəsi udmalıyıq. Səhvlər ola bilər, amma biz oyundan qopmamalı və fürsətləri dəyərləndirməliyik. Hakim səhv edəcək, biz ikinci dəfə epizod yaradıb qol vurmalıyıq. Əliyar Ağayevin ilk matçda səhvləri oldu. Amma yenidən oyunumuza təyinat alsa, bunun bizə psixoloji təsir edəcəyini düşünmürəm”.

İdman.Biz