FIFA-nın prezidenti Canni İnfantino 2026 Dünya Çempionatında İran yığmasının iştirakı ilə bağlı ABŞ və İran arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq üçün səylərini artırıb.
İdman.Biz “Politico” nəşrinə istinadla xəbər verir ki, Vaşinqton və Tehran arasında İslamabadda keçirilən sülh danışıqlarının uğursuzluğa düçar olmasından sonra futbol qurumunun rəhbəri hər iki tərəflə birbaşa təmaslara başlayıb. İnfantino oyunların ABŞ ərazisində keçirilməsini istəməyən İranla, komandanın gəlib-gəlməməsinə biganə qalan ABŞ tərəfi arasında kompromis axtarır.
Qeyd edək ki, Şimali Amerikada keçiriləcək mundiala vəsiqəni ilk qazananlardan biri məhz İran yığması olub. Lakin bir ay əvvəl ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlaması Tehranın turnirdə iştirakını sual altına salıb.
İranın idman naziri Los-Anceles və Sietldə planlaşdırılan matçların Meksika ərazisinə keçirilməsini tələb etsə də, FIFA bu müraciəti rədd edib.
Şimali amerikalı futbol rəsmisinin sözlərinə görə, İnfantinonun qarşısında iki çətin vəzifə durur: ABŞ prezidenti Donald Trampı İranın Amerika torpağında oynamasına razı salmaq və eyni zamanda İran tərəfini bu şərtlərlə çıxış etməyə inandırmaq.
