İngiltərənin “Mançester Siti” futbol komandasının baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 32-ci turunda “Çelsi” üzərində qazanılan 3:0 hesablı qələbədən sonra komandasının hazırkı vəziyyətini dəyərləndirib və gələcək planlardan danışıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis komandanın hazırda daha təravətli olduğunu bildirib:
“Keçmişdə unikal bir dövr keçdik, amma inkişaf etməyə davam edirik. İndi bərpa üçün bütöv həftələrimiz var, çünki Çempionlar Liqasında oynamırıq. Bu da bizi daha gümrah edir”.
Növbəti turda qarşılaşacaqları lider “Arsenal” haqqında danışan Qvardiola rəqibə böyük hörmətlə yanaşdığını vurğulayıb:
“Aprelin 19-da elə bir komandaya qarşı oynayacağıq ki, son 49 matçda çox az məğlub olub, Çempionlar Liqasında isə ümumiyyətlə uduzmayıb. Hazırda “Arsenal” həm ölkənin, həm də Avropanın ən yaxşı komandasıdır. Belə bir rəqibi bir neçə həftə ərzində iki dəfə məğlub etməyin nə qədər çətin olduğunu təsəvvür edin. Azarkeşlərimizdən rəqibə hörmət etmələrini və bizi ilk dəqiqədən dəstəkləmələrini xahiş edirəm”.
Hazırda “şəhərlilər” liderdən altı xal geri qalır, lakin ehtiyatda bir oyunları var.
