İngiltərənin “Tottenhem” futbol komandasının yeni baş məşqçisi Roberto De Zerbi Premyer Liqanın 32-ci turunda “Sanderlend”lə matçdakı (0:1) uğursuz debütündən sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis məğlubiyyətə görə üzrxahlıq edib.
“Məğlubiyyətə görə üzr istəyirəm. Futbolçular və bizi tək qoymayan çoxsaylı azarkeşlərimiz üçün üzülürəm. Bu, bizim üçün yaxşı nəticə deyil. Hesab edirəm ki, xüsusilə ilk hissədə yaxşı oynadıq və 2-3 vəziyyətdə qol vura bilərdik. İkinci hissədə isə mövqelərimizi itirdik və bəxtsizlikdən axmaq bir qol buraxdıq”, - deyə De Zerbisöyləyib.
O, komandada çətin anların yaşandığını etiraf etsə də, gələcəyə ümidlə baxdığını bildirib: “Futbolçularla danışmışam, onların əziyyət çəkdiklərini anlayıram. Paltardəyişmə otağında yaxşı insanlar var. Onlara kömək etmək üçün buradayam. Bu məqamdan daha güclü çıxmalı və daha pozitiv olmalıyıq. Kifayət qədər keyfiyyətli heyətimiz var və ilk qələbədən sonra hər şeyin dəyişdiyini görəcəyik”.
Qeyd edək ki, hazırda “Sanderlend” 46 xalla 10-cu, “Tottenhem” isə 30 xalla 18-ci pillədə qərarlaşıb.
