“Azərbaycanın qadın futbolçulardan ibarət millisinin əsas məqsədi dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanmaqdır”.
Bunu komandanın baş məşqçisi Siyasət Əsgərov deyib.
Mütəxəssis xarici klublarda çıxış edən futbolçuların durumunun qaneedici olduğunu söyləyib.
“Aprelin 7-dən məşqlərə başlamışıq. Millinin düşərgəsinə qoşulan oyunçuların əksəriyyəti xarici klublarda çıxış edənlərdir. Qızların çoxu öz komandalarında start “11-lik”də yer aldıqları üçün oyun praktikaları və kondisiyaları yaxşıdır. Bəzi oyunçularımız var ki, çıxış etdikləri I Liqa təmsilçilərinin çempionatı bitdiyi üçün hazırlıqlarında bir az fərq var. Amma ümumilikdə durum çox yaxşıdır”, - deyə o, report.az-a açıqlamasında bildirib.
O, Andorra ilə səfər oyununun çətin keçəcəyini vurğulayıb:
“Hər iki oyuna ciddi hazırlaşmışıq. İlk matçımız səfərdə olacaq və düşünürəm ki, çətin keçəcək. Andorra qrup lideri Macarıstanla heç-heçə edib. Onlar evdə maksimum nəticə üçün oynayacaqlar. Biz də rəqibin üstün və zəif cəhətlərini bilirik, məşq proseslərini buna uyğun qurmuşuq. İlk oyunda maksimum nəticəni hədəfləyirik”.
Millinin baş məşqçisi hazırlıq qrafikinə toxunub:
“Aprelin 14-nə qədər hazırlıq keçəcəyik və düşünürəm ki, bizim üçün yetərli müddətdir. Bundan maksimum yararlanmağa çalışacağıq. İkinci oyun aprelin 18-də olacaq. Bir qədər yol yorğunluğu ola bilər. Çünki ilk matçdan sonra dərhal qayıtmalıyıq ki, evdə keçirəcəyimiz görüşə hazırlaşaq. Bərpa dönəmində bir qədər sıxıntı ola bilər. İstənilən halda məqsədimiz hər iki oyuna maksimum hazır olmaqdır”.
S.Əsgərov qrupdakı rəqiblərin gücü və millinin əsas hədəfi haqqında danışıb.
“Macarıstan son iki ildə C Liqasına düşüb. Həmişə A Liqasında oynayırdı. Heyətindəki oyunçuların keyfiyyətinə görə qrupun lideridir. Düzdür, Şimali Makedoniya üzərində evdə qələbə qazanmışıq, lakin təəssüf ki, Macarıstana səfərdə 0:1 hesabı ilə uduzduq. Məqsədimiz maksimum nəticə göstərmək, qrupda yüksək pillələri təmin etmək və pley-off mərhələsinə vəsiqə qazanmaqdır”.
Qeyd edək ki, DÇ-2027-nin seçmə mərhələsində C Liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi Andorra ilə aprelin 14-də səfərdə, 18-də isə Bakıda qarşılaşacaq.
