Maksim Medvedev: “PRO kateqoriyası üçün böyük klubda təcrübə keçməyi planlayıram”

10 Aprel 2026 15:33
138
Maksim Medvedev: “PRO kateqoriyası üçün böyük klubda təcrübə keçməyi planlayıram”

“UEFA-nın A kateqoriyalı məşqçi lisenziyası Premyer Liqada işləməyə imkan verir. Lakin əsas məqsədim özümü daha da inkişaf etdirmək və müasir futbolun tələblərinə uyğunlaşmaqdır”.

Bu sözləri UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vuran “Qarabağ” futbol klubunun əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev deyib.

O bildirib ki, gələcəkdə daha yüksəksəviyyəli komandalarda çalışmaq niyyətindədir.

“Məşqçi kimi daha yaxşı olmaq üçün daim üzərimdə işləyirəm. Xarici klublarla da mütəmadi əlaqə saxlayıram, onların iş prinsiplərini öyrənirəm. PRO kateqoriyası almaq üçün isə böyük klublardan birində təcrübə keçməyi planlaşdırıram”, - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.

Veteran futbolçu Azərbaycanda baş məşqçi fəaliyyətinin çətinliklərinə də toxunub:

“Premyer Liqada işləmək asan deyil. Komandalarda stabillik hər zaman qorunmur və məşqçilər qısa müddətdə dəyişdirilir. Mən isə hansısa komandada qısa müddət işləyib ayrılmağın tərəfdarı deyiləm. Məqsədim komandanı mərhələli şəkildə qurmaq və yüksək nəticələr uğrunda mübarizə aparmaqdır. Bunun üçün isə ən azı 3-4 il vaxt lazımdır. Məşqçilərlə daim əlaqə saxlayır, fikir mübadiləsi aparır və onların təcrübəsindən yararlanırıq. Anlayırıq ki, hər hansı komandanı yüksək səviyyəyə çatdırmaq üçün ciddi və sistemli iş görülməlidir”.

Azərbaycan millisinin keçmiş müdafiəçisi yerli mütəxəssislərin fəaliyyətini də nümunə göstərib:

“Rəşad Sadıqov və Ayxan Abbasov kimi məşqçilərin işində bunu görmək mümkündür. Müəyyən vaxt keçdikdən sonra komandanın oyun üslubu formalaşır və nəticələr özünü göstərir”.

M.Medvedev “Qarabağ”ın əvəzedici komandasında çıxış edən gənc futbolçuların potensialına da toxunub:

“Komandamızda perspektivli oyunçular var. Lakin onların daha peşəkar yanaşma nümayiş etdirməsi əsas şərtlərdəndir. Məqsədimiz bu futbolçuları inkişaf etdirmək və gələcəkdə həm ölkə daxilində, həm də Avropa klublarında çıxış etmələrinə şərait yaratmaqdır. Gənc oyunçuların inkişafı üçün davamlı və düzgün istiqamətləndirmə çox vacibdir. Milli komandaların potensial üzvlərinin əksəriyyəti bizim heyətdədir. Onlarla mütəmadi işləməli, düzgün yol göstərməliyik ki, karyeralarını uğurla davam etdirə bilsinlər”.

İdman.Biz