İngiltərənin “Liverpul” futbol komandasının baş məşqçisi Arne Slot Çempionlar Liqasının dörddəbir finalında PSJ-yə qarşı keçirilən ilk oyundan (0:2) sonra cavab qarşılaşması barədə nikbin danışıb.
İdman.Biz “Liverpool Echo” nəşrinə istinadla xəbər verir ki, niderlandlı mütəxəssis futbolda hər an hər şeyin dəyişə biləcəyini vurğulayıb. O, xüsusilə doğma meydan amilinin həlledici rol oynayacağını bildirib.
“Əlbəttə ki, cavab oyunu üçün ümid var. Futbolda hər şeyin mümkün olduğunu dəfələrlə sübut etmişəm. Qırmızı vərəqələr, gözlənilməz hadisələr, penaltilər… Və unutmayın ki, “Enfild” stadionu çox iş görə bilər. PSJ kimi komanda ilə qarşılaşırıqsa, azarkeşlərimizə hər zamankından daha çox ehtiyacımız var. Oyunun ümumi mənzərəsinə baxsaq, cəmi 2:0 hesabı ilə uduzduğumuz üçün bəxtimiz gətirib, amma hələ qarşıda “Enfild” sınağı var”, - deyə Slot qeyd edib.
Komandanın kapitanı Vircil van Dayk da baş məşqçinin fikirlərinə şərik çıxıb. Təcrübəli müdafiəçi rəqibin gücünü etiraf etsə də, azarkeş dəstəyinə güvəndiklərini gizlətməyib:
“Son Avropa çempionuna qarşı oynadığımızı unutmamalıyıq. Ümid edirəm ki, tərəfdarlarımız cavab matçında böyük rol oynayacaqlar. Mən “Enfild”də çox xüsusi oyunların şahidi olmuşam. Azarkeşlər bu klubun onurğa sütunudur”.
