Azərbaycan futbolundakı hakim idarəçiliyi Qazaxıstan mətbuatının da diqqətini çəkib.
İdman.Biz xəbər verir ki, qazaxıstanlı həmkarlarımız çempionat və kubok oyunlarındakı mübahisəli epizodların mövsümün nəticələrinə ciddi təsir göstərə biləcəyini vurğulayıblar.
Yazıda Azərbaycan Kubokunun yarımfinalında keçirilən “Turan Tovuz” - “Zirə” (0:2) və Premyer Liqanın 26-cı turunun “Araz-Naxçıvan” - “Sabah” (2:4) qarşılaşmaları təhlil olunub.
“Həmyerlimiz Stas Pokatilovun kapitanı olduğu “Sabah”ın “Araz-Naxçıvan”la matçındakı idarəçilik yerli futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Hər iki komandanın narazı qaldığı epizodlar yaşandı. Sonda Pokatilovlu “Sabah” əzmkar qələbə qazanaraq liderliyini möhkəmləndirdi”, - deyə xəbərdə qeyd olunur.
