Gələn mövsümdən etibarən İngiltərə Premyer Liqası UEFA Çempionlar Liqasında ən azı beş klubla təmsil olunacaq. Bu, “Arsenal”ın “Sportinq” üzərində qazandığı 1:0 hesablı qələbədən sonra dəqiqləşib.
İdman.Biz xəbər verir ki, “topçular”ın bu uğuru İngiltərənin UEFA-nın əmsallar cədvəlində ilk iki pillədəki yerini qətiyyətlə qorumasını təmin edib. Yeni qaydalara əsasən, mövsümü ən yüksək reytinqlə bitirən ilk iki ölkə növbəti mövsüm Çempionlar Liqasının əsas mərhələsinə əlavə bir vəsiqə qazanır. Beləliklə, Premyerliqada beşinci yeri tutacaq komanda birbaşa qitənin ən nüfuzlu klub turnirinə yollanacaq.
Hazırda İngiltərə çempionatında ilk beşlikdə “Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “Aston Villa” və “Liverpul” qərarlaşıb. Bu isə o deməkdir ki, mövcud turnir cədvəli qorunub saxlanılarsa, bu nəhənglərin hər birini gələn il Çempionlar Liqasında görəcəyik.
