Kənarda əsəblər, yerdə planşetlər: futbolun bahalı qəzəb anları - VİDEO

8 Aprel 2026 17:12
161
Kənarda əsəblər, yerdə planşetlər: futbolun bahalı qəzəb anları - VİDEO

Azərbaycan Premyer Liqasında son vaxtlar maraqlı və bir o qədər də bahalı “ənənə” formalaşmağa başlayıb. Baş məşqçilərin oyunun gedişində emosiyalarını cilovlaya bilməyərək əllərindəki planşeti yerə çırpması artıq təsadüf sayılmır. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun başlatdığı bu “estafeti” Ayxan Abbasov davam etdirib.

İdman.Biz xəbər verir ki, futbol dünyasında texnologiyanın rolu artdıqca, məşqçilərin “qəzəb hədəfləri” də dəyişir. Əvvəllər su qablarını təpikləyən və ya pencəyini yerə atan mütəxəssislər, indi həm analitika, həm də taktiki göstərişlər üçün istifadə etdikləri planşetləri “qurban verirlər”.

Sındırılan planşetlər sadəcə bir cihaz deyil, oyunun gərginliyinin və məsuliyyətinin göstəricisi kimi yadda qalıb.

Görünən odur ki, növbəti mövsümlərdə klubların büdcəsinə yeni bir bənd əlavə olunmalıdır: “Ehtiyat planşetlər üçün xərclər”.

Bu hal təkcə Azərbaycan futboluna xas deyil. Avropanın nəhəng klublarında və nüfuzlu çempionatlarda da bənzər hadisələr yaşanıb.

Luis Enrike (PSJ): İspaniyalı mütəxəssis Çempionlar Liqasında (2024) keçmiş klubu “Barselona”ya qarşı keçirilən oyunda PSJ-nin buraxdığı qoldan sonra əsəblərini cilovlaya bilməyərək meydanın kənarında su şüşələrinin olduğu yeşiyi təpikləyib, daha sonar isə soyunub-geyinmə otağındakı stolun üstündəki əşyaları yerə dağıdıb.

Xavi Hernandez (“Barselona”): Xavi “Barselona”dakı son mövsümündə Çempionlar Liqasında PSJ ilə cavab qarşılaşmasında (2024) Ronald Arauxonun qırmızı vərəqə almasından sonra əsəbləşərək əvvəlcə operatorun qarşısındakı qoruyucunu təpikləyib, sonra isə texniki zonadakı avadanlıqlara zərər yetirib.

Pep Qvardiola (“Mançester Siti”): Pep daha çox su qablarını təpikləməsi ilə məşhur olsa da, 2024-cü ildə “Arsenal” ilə oyunda rəqibin hesabı bərabərləşdirməsindən sonra əsəbini oturduğu skamyadan çıxmışdı.

Dieqo Simeone (“Atletiko”): Məşqçilərdən danışarkən argentinalı mütəxəssisi də unutmaq olmaz. Çünki dünya futbolunda emosiya və aqressiya dedikdə ağıla gələn ilk simalardan biri “Atletiko”nun baş məşqçisidir. Onun üçün ehtiyat skamyada sakit oturmaq anlayışı yoxdur. O, hər oyunda sanki sahədəki 12-ci oyunçu kimi davranır və bu gərginlikdən ən çox zərər görən isə ətrafındakı əşyalar, üst geyimləri və rəqib oyunçular olurlar. Məhz bu sonuncu hal – rəqiblərə söz ataraq gərginlik yaratmaq onun son zamanlar daha çox istifadə etdiyi “taktiki gediş”dir.

İdman.Biz