Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Turan Tovuz” - “Zirə” (0:2) matçından sonra Tovuz klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyevin səsləndirdiyi fikirlər ciddi müzakirələrə səbəb olub.
İdman.Biz xəbər verir ki, məsələ ilə bağlı yekun qərarın yaxın günlərdə AFFA-nın İntizam Komitəsi tərəfindən açıqlanacağını yazan teleqraf.az, Ehtiram Quliyevin fikirlərindəki bəzi məqamların qəbuledilməz hesab olunduğunu qeyd edib.
İddialara görə, onun oyundan sonra verdiyi və “azarkeşlərin səssiz qalmasını istəmirəm” ifadəsini işlətməsi AFFA rəhbərliyi tərəfindən mənfi qarşılanıb. Bu açıqlama qurum daxilində sabitliyi poza biləcək çağırış kimi qiymətləndirilib və nəticədə klub rəsmisinin cəzalandırılması məsələsi gündəmə gəlib.
Eyni zamanda, baş verənlərə səbəb olan hakim qərarları da diqqətdən kənarda qalmayıb. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov matçdakı səhvlərin mövcudluğunu etiraf edib. Bildirilir ki, qarşılaşmada iki penalti epizodunda qərar verməyən hakim Əliyar Ağayev beş oyunluq cəzaya məruz qalıb.
Qeyd edək ki, bu, “Turan Tovuz” klubunun ilk dəfə belə məsələ ilə üzləşməsi deyil. Daha əvvəl 2025-ci ilin aprelində “Şamaxı” ilə oyunla bağlı yayılan bəyanata görə klubun açıqlamaları AFFA və Peşəkar Futbol Liqasının nüfuzuna xələl gətirmək kimi qiymətləndirilmiş və nəticədə Tovuz təmsilçisi 20 min manat cərimələnmişdi.
Hazırda isə əsas gözlənti AFFA-nın növbəti addımının məhz klub rəhbərinə tətbiq olunacaq sanksiya ilə bağlı olacağıdır.
