Bu axşam UEFA Çempionlar Liqası çərçivəsində fərqli ab-havaya malik iki 1/4 final qarşılaşması baş tutacaq.
İdman.Biz xəbər verir ki, Madriddə böyük tarixə malik iki Avropa nəhəngi üz-üzə gələcək, Lissabonda isə daha az diqqət çəkən afişa fonunda maraqlı süjet diqqət mərkəzində olacaq: Viktor Dyökeresin keçmiş klubuna qayıdışı və “Sportinq”in tarixi yarımfinala doğru növbəti addımı atmaq cəhdi.
“Real Madrid” - “Bavariya”
Bu qarşılaşma, mübaliğəsiz desək, Çempionlar Kubokunun klassikasıdır. Bugünkü oyun bu komandalar arasında turnir çərçivəsində 29-cu duel olacaq: indiyədək “Real” 13, “Bavariya” isə 11 qələbə qazanıb, daha dörd görüş heç-heçə başa çatıb. Heç bir cütlük Avrokuboklarda bu qədər tez-tez qarşılaşmayıb. Əlavə üstünlük isə madridlilərin tərəfindədir: onlar münhenlilərlə əvvəlki üç 1/4 final duelinin hamısında qalib gəlib və artıq doqquz oyundur “Bavariya”ya uduzmurlar.
1/8 final mərhələsində “Real” ümumi hesabda 5:1 nəticə ilə “Mançester Siti”ni inamla keçib, “Bavariya” isə “Atalanta”nı iki oyunun cəmində 10:2 hesabı ilə darmadağın edib. Yəni hər iki komanda 1/4 finala yalnız adı ilə deyil, həm də çox güclü cari forması ilə gəlir.
Lakin ilk oyundan əvvəl fon fərqlidir: madridlilər şənbə günü “Malyorka”ya 1:2 hesabı ilə uduzaraq La Liqada çempionluq mübarizəsini çətinləşdirib, “Bavariya” isə “Frayburq” üzərində dramatik 3:2 qələbə qazanaraq əla formada olduğunu göstərib.
Oyundan əvvəlki açıqlamalar da qarşılıqlı hörmətin səviyyəsini göstərir. Alvaro Arbeloa “Bavariya”nı bu mövsüm Avropanın ən stabil komandası adlandırıb və “Real”ın yeganə məqsədinin növbəti mərhələyə yüksəlmək olduğunu bildirib. Vensan Kompani isə bunun turnirdə mümkün olan ən çətin səfər oyunlarından biri olduğunu deyərək nəticənin xırda detallar və fərdi keyfiyyətlə müəyyənləşəcəyini vurğulayıb.
Heyətlərə gəlincə, qonaqlarda əsas sual Harri Keynlə bağlıdır. O, topuq zədəsindən sonra məşqlərə qayıtsa da, oyunda iştirakı ilə bağlı yekun qərar matç günü veriləcək. “Bavariya”da yalnız Sven Ulrayxin yoxluğu dəqiqdir.
“Real”da vəziyyət daha mürəkkəbdir: Tibo Kurtua və Rodriqo zədə səbəbindən oynamayacaq, Ferlan Mendi isə yenicə məşqlərə qoşulub. Bu fonda Kilian Mbappe ilə Vinisius Junior tandeminin forması xüsusi əhəmiyyət kəsb edir, Mbappe isə turniri yüksək məhsuldarlıqla keçirir.
Matçın əsas intriqası isə sadədir: hücumda çox məhsuldar və aqressiv “Bavariya” nəhayət “Real”a qarşı uğursuz seriyanı qıra biləcəkmi, yoxsa madridlilər yenə də məhz onlara şübhə ilə yanaşılan anda öz məşhur Avrokubok rejimini işə salacaqlar.
“Sportinq” - “Arsenal”
Kağız üzərində bu cütlük daha az səs-küylü görünür, lakin burada bəlkə də daha çox süjet var. “Arsenal” Avrokuboklarda “Sportinq”ə uduzmayıb - iki qələbə və üç heç-heçə. Ötən mövsüm londonlular Lissabonda rəqibini 5:1 hesabı ilə darmadağın edib. Lakin vacib detal da var: bu komandalar arasında yeganə iki oyunlu qarşılaşma 2022/23 mövsümündə Avropa Liqasının 1/8 finalında baş tutub və “Sportinq” penaltilərlə mərhələ adlayan tərəf olub. Bu isə görüşə revanş çaları qatır.
Komandaların 1/4 finala yolu da fərqli olub. “Sportinq” mərhələnin ən yaddaqalan dönüşlərindən birinə imza ataraq ilk oyundakı məğlubiyyətdən sonra evdə “Bude-Qlimt”i əlavə vaxtda 5:0 hesabı ilə məğlub edib. “Arsenal” isə “Bayer”i daha sakit və hesablanmış şəkildə keçib - səfərdə 1:1, evdə isə 2:0. Hazırda lissabonlular “Santa Klara” üzərində 4:2 qələbədən sonra oyuna çıxacaq, “Arsenal” isə Portuqaliyaya ardıcıl iki ağır məğlubiyyətin ardından yollanır.
Bu səbəbdən oyundan əvvəlki açıqlamalar xüsusi əhəmiyyət daşıyır. Mikel Arteta komandaya son uğursuzluqlardan dərs çıxarmağı və panikaya düşməməyi tövsiyə edib. London klubunda bəzi əsas futbolçular Lissabona getməsə də, yarımmüdafiə və hücum xəttinin liderləri hazırdır. Meydan sahiblərinin baş məşqçisi Ruy Borjeş isə azarkeş amilini ön plana çəkərək “Sportinq”in tarix yazmağa davam etmək istədiyini bildirib.
Matçın ən maraqlı fərdi xətti isə Viktor Gyökereş bağlıdır. “Arsenal”ın hücumçusu qısa müddətdə yüzə yaxın qol vurduğu keçmiş klubuna qarşı oynayacaq. Onun London klubuna transferi qalmaqal və “Sportinq”də məşqləri boykot etməsi ilə yadda qaldığından, bu görüş əlavə intriqa yaradır.
Qeyd edək ki, “Sportinq” bu mövsüm Avrokuboklarda Lissabonda keçirdiyi bütün oyunları qazanıb və klub tarixinin ən yaxşı nəticələrindən birinə doğru irəliləyir.
