“Kubok matçına ciddi hazırlaşmışdıq”.
Bu sözləri “Zirə”nin futbolçusu Eren Aydın deyib.
Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Turan-Tovuz”la oyunda fərqlənən hücumçu komandasının final şanslarını belə dəyərləndirib.
“Qol vurduğum üçün sevincliyəm. Hər iki komanda çox yaxşı mübarizə apardı. Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni etdik. 2:0 hesablı qələbə qazansaq da, anlayırıq ki, hər şey bununla bitmir. Qarşıda bizi ikinci matç gözləyir. Növbəti oyuna da ən yaxşı şəkildə hazırlaşıb finala çıxmaq istəyirik”, - deyə o, offsideplus.az-a açıqlamasında söyləyib.
Fevral ayında “Zirə”yə qoşulan futbolçu komandaya asanlıqla uyğunlaşdığını vurğulayıb:
“Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Bura çox qısa zamanda adaptasiya oldum. Özümü İstanbuldakı kimi hiss edirəm. Hər kəs türkcə danışa bilir və insanlarla rahat münasibət qura bilirəm. Komandaya çox tez adaptasiya oldum. Baş məşqçi Rəşad Sadıqov da böyük dəstək göstərdi.Onunla yaxşı anlaşırıq. Göstərdiyi dəstəyə görə ona minnətdaram. Rəşad Sadıqov mənim üçün ata kimidir”.
Qeyd edək ki, "Qalatasaray" yetirməsi olan 22 yaşlı hücumçu daha əvvəl Türkiyənin “Niğde Anadolu”, “Sarıyer”, “Çorum”, “Boluspor” və Ukraynanın “Veres” klublarında çıxış edib.
