İngiltərə Kubokunda 1/4 final mərhələsinin dramatik oyunu baş tutub. Londonda keçirilən qarşılaşmada yerli “Vest Hem” “Lids” klubunu qəbul edib.
İdman.Biz xəbər verir ki, əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatan matçda qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Lids” (4:2) yarımfinala vəsiqə qazanıb.
“London” stadionunda baş tutan və Kreyq Pousonun idarə etdiyi oyunda qonaqlar üstün tərəf olub. 26-cı dəqiqədə Ao Tanaka hesabı açıb, 75-ci dəqiqədə isə Dominik Kalvert-Lyuin penaltidən fərqlənərək fərqi ikiyə çıxarıb. Lakin oyunun son saniyələri inanılmaz ssenari ilə yadda qalıb. 90+3-cü dəqiqədə Mateuş Fernandeş fərqi azaldıb, 90+6-cı dəqiqədə isə Aksel Disasi hesabı bərabərləşdirərək oyunu əlavə vaxta daşıyıb.
Əlavə vaxtda qol vurulmasa da, penaltilər seriyasında “Lids” daha soyuqqanlı davranaraq qələbəni bayram edib.
Qeyd edək ki, turnirin hazırkı qalibi finalda “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub edən “Kristal Palas”dır.
