“Sabah” futbol komandasının polşalı müdafiəçisi Timoteuş Puxaç yenidən milli komandaya dəvət alacağına ümid edir.
İdman.Biz “Przegląd Sportowy Onet” nəşrinə istinadla xəbər verir ki, müdafiəçi Azərbaycandakı çıxışları sayəsində şans qazanacağına inanır.
“Müsahibələr və söhbətlər vasitəsilə özümü kiməsə sırımaq istəmirəm. Amma hazırda sol müdafiəçi mövqeyində oynayıram. “Lex”də də məhz bu mövqedə çıxış edirdim”, - deyə Puxaç qeyd edib.
Futbolçu milli komandaya qayıtmaq üçün çalışmağa davam etdiyini vurğulayıb:
“Hər kəs yığmada oynamaq istəyir. Çıxışlarımla sübut etməyə çalışacağam ki, bu şansa layiqəm”.
Qeyd edək ki, Puxaç “Sabah”ın heyətində artıq 26 oyun keçirib, iki qol vurub və doqquz məhsuldar ötürmə ilə yadda qalıb.
O, sonuncu dəfə 2024-cü ilin noyabrında Polşa millisinə çağırılıb. Ümumilikdə isə müdafiəçinin aktivində yığma komandada 15 oyun və üç assist var.
