Ayxan Hüseynov: “Yığmanın tarixində ilk dəfə idi penaltilər seriyası oldu”

31 Mart 2026 13:42
82
Ayxan Hüseynov: “Yığmanın tarixində ilk dəfə idi penaltilər seriyası oldu”

“Oyun çətin keçdi. Rəqibin futbolçuları fiziki baxımdan çox güclüdür. İlk dəfə milliyə dəvət almağım karyeram üçün yeni bir addımdır”.

Bu sözləri Azərbaycan millisinin futbolçusu Ayxan Hüseynov deyib.

Yarımmüdafiəçi “FIFA Series - 2026” beynəlxalq turnirində Syerra-Leone yığmasına penaltilər seriyasında qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb.

“Toplanışda olduğum səkkiz gün yaxşı keçdi. Çempionatda rəqib olduğum futbolçularla yaxından tanış oldum. Ümumilikdə millidə olmaq, həmin atmosferi yaşamaq çox xoşdur. Çalışacam növbəti toplanışlarda da dəvət alım. Bilmirdim ki, heç-heçə olduğu halda görüş penaltilərə gedəcək. Qapıçımız Aydın Bayramov sağ olsun, penaltini dəf etdi (gülür). Yığmanın tarixində ilk dəfə idi penaltilər seriyası oldu və qələbə qazandıq. Ayxan Abbasov paltardəyişmə otağında bizə Millətlər Liqasında D liqasından C Liqasına yüksəlməli olduğumuzu dedi. Komandamızın potensialı yüksəkdir. İnanıram ki, bu qələbələrin davamını gətirərək daha da irəli gedəcəyik”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, final qarşılaşmasının əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb və yığmamız penaltilər seriyasında daha dəqiq oynayıb (9:8).

İdman.Biz