Fransa futbol millisi 2026 Dünya Çempionatına hazırlıq çərçivəsində keçirilən yoldaşlıq oyununda Kolumbiya yığmasını 3:1 hesabı ilə məğlub edib. ABŞ-nin Landover şəhərindəki “Northwest Stadium”da baş tutan qarşılaşmada Avropa təmsilçisi inamlı oyun nümayiş etdirib.
İdman.Biz xəbər verir ki, matçın qəhrəmanı gənc hücumçu Dezire Due olub. O, 29-cu dəqiqədə hesabı açıb, 56-cı dəqiqədə isə dublunu rəsmiləşdirib. Fransızların digər qoluna 41-ci dəqiqədə Markus Türam imza atıb. Kolumbiyalıların yeganə cavab qolunu isə 77-ci dəqiqədə Haminton Kampas vurub.
Xatırladaq ki, hər iki komanda bu yay ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatında iştirak edəcək. Fransa seçmə mərhələdə öz qrupunu lider kimi başa vurduğu halda, Kolumbiya Cənubi Amerika zonasında uğurlu çıxış edərək vəsiqəni təmin edib.
Hazırkı dünya çempionu titulunu isə 2022-ci ilin finalında məhz Fransanı penaltilər seriyasında məğlub edən Argentina daşıyır.
