Keçmiş dünya boks çempionu Tayson Fyuri və isveçli keçmiş futbolçu Zlatan İbrahimoviç İngiltərə futbol klubu “Morkam”ın sahibi ola bilərlər.
İdman.Biz bu barədə “The Sun”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, klubu almaq ideyası iki idmançının dünya çempionatı ilə bağlı reklam kampaniyası üzərində işlədikləri Polşada görüşməsindən sonra yaranıb. Söhbət zamanı klubu almaq və layihənin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub.
Məlumata əsasən, komandanı almaqla yanaşı, Fyuri və İbrahimoviç Netflix-də “Morkamın yüksəlişi” adlı sənədli serial çəkməyi planlaşdırırlar. Bu layihə Hollivud aktyorları Rayan Reynolds və Rob Makelhenni tərəfindən satın alındıqdan sonra İngiltərədə ən çox danışılan klublardan birinə çevrilən “Reksem”in uğurunu təkrarlaya bilər.
Fyurinin klubun yerləşdiyi şəhərdə yaşadığı və məşq meydançasının komandanın stadionunda yerləşdiyi üçün “Morkam”la şəxsi əlaqəsi var.
