Jeremi Doku ABŞ-də şou göstərib

30 Mart 2026 01:47
171
Jeremi Doku ABŞ-də şou göstərib

İngiltərənin “Mançester Siti” futbol komandasının vingeri Jeremi Doku Belçika milli komandasının ABŞ-yə qarşı keçirdiyi yoldaşlıq oyunundakı möhtəşəm performansı ilə yenidən diqqət mərkəzinə düşüb. Atlantada baş tutan və Belçikanın 5:2 hesablı qələbəsi ilə başa çatan matçda 23 yaşlı futbolçu meydanın əsl sahibinə çevrilib.

İdman.Biz xəbər verir ki, Rudi Qarsiyanın rəhbərlik etdiyi komanda DÇ-2026-nın ev sahiblərindən birini darmadağın edib. Meydanda olduğu 70 dəqiqə ərzində nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalan Doku, buna baxmayaraq, Belçika mediasından ən yüksək qiymətləri alıb.

Belçikanın məşhur HLN nəşri Dokunun çıxışını 10 ballıq sistemlə səkkiz balla qiymətləndirib. Məqalədə onun partlayıcı driblinqləri ilə azarkeşləri cuşa gətirdiyi qeyd olunub.

“Voetbal Primeur” isə futbolçunun oyununu “möhtəşəm” adlandıraraq, komandasının yaradıcılıq mərkəzində məhz onun dayandığını vurğulayıb. Doku oyun ərzində üç uğurlu driblinq edib və komanda yoldaşları üçün üç real qol vəziyyəti yaradıb.

Jeremi Doku bu mövsüm Qvardiolanın komandasında məhsuldarlıq baxımından ən yaxşı ilini keçirməyə yaxındır. Lakin onun zədə tarixçəsi “şəhərlilər”i narahat etməyə davam edir. Belə ki, futbolçu bu mövsüm artıq 10 oyunu zədə səbəbindən buraxıb. Elə bu riskə görə də “Mançester Siti” qış transfer pəncərəsində misirli hücumçu Ömər Marmuşu satmaqdan imtina edib.

İdman.Biz