Azərbaycan futbol yığmasının və “Neftçi”, “Zirə” kimi klubların sabiq üzvü, hazırda ABŞ-də məşqçilik edən Nicat Qurbanov həmyerlimiz Nəriman Axundzadənin MLS-dəki debütünü dəyərləndirib. “Kolumbus Kryu”da ilk oyununa çıxan gənc hücumçunun perspektivləri barədə danışan Qurbanov, onun ABŞ-də uğur qazanacağına ümid etdiyini bildirib.
İdman.Biz xəbər verir ki, aktiv futbolçu karyerasını başa vurmuş Nicat Qurbanov sportal.az-a açıqlanasında Nərimanın yeni mühitə uyğunlaşma prosesinin vacibliyindən danışıb.
O, gənc istedadın debüt matçında az vaxt almasına baxmayaraq, bunun sadəcə bir başlanğıc olduğunu qeyd edib:
“Nəriman demək olar ki, iki aydan sonra ilk oyununa çıxdı. Düzdür, vaxt baxımından az oynadı, buna görə də oyununu tam qiymətləndirmək olmur. Amma inanıram ki, bundan sonra daha çox şans qazanacaq. Nəriman elə yerdədir ki, hər şey özündən asılıdır”.
Nicat Qurbanov qeyd edib ki, ilk oyunlar hər zaman çətin keçir. Yeni komanda yoldaşları və fərqli futbol atmosferi oyunçuya təsir edən əsas amillərdir. Lakin o, Axundzadənin potensialına güvəndiyini xüsusi qeyd edib:
“Yeni mühit, yeni komanda yoldaşları - bunların hamısı oyuna təsir edən faktorlardır. Ancaq inanıram ki, Nəriman bizi hələ çox sevindirəcək. Ona karyerasında uğurlar arzu edirəm!”.
Xatırladaq ki, Nəriman Axundzadə “Qarabağ”dan ABŞ-nin “Kolumbus Kryu” klubuna transfer olunaraq MLS tarixində çıxış edən ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb.
