Ayxan Abbasov: “Rəqibin Fransanın Liqa 1-də çıxış edən müdafiəçiləri var”

29 Mart 2026 19:33
118
Ayxan Abbasov: “Rəqibin Fransanın Liqa 1-də çıxış edən müdafiəçiləri var”

“Futbol üzrə Azərbaycan millisi azarkeşlərin dəstəyi ilə Syerra-Leone yığmasına qalib gəlmək istəyir”.

İdman.Biz xəbər verir ki, bu barədə oyunöncəsi mətbuat konfransında yığmanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. Mütəxəssis “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Syerra-Leone seçməsinə qarşı keçirəcəkləri oyunla bağlı gözləntilərini bölüşüb.

Ayxan Abbasov bildirib ki, bu, komandanın turnirdəki ikinci oyunu olsa da, rəqib üçün ilk matçdır və bu mənada onların müəyyən üstünlüyü var. Buna baxmayaraq, baş məşqçi evdə oynadıqlarını və azarkeşlərin dəstəyi ilə qələbə qazanmaq istədiklərini vurğulayıb. O, rəqibi reytinq baxımından bizdən öndə olan və optimal heyətlə gələn ciddi rəqib kimi xarakterizə edib. Abbasov komandanın oyundan-oyuna daha da inkişaf etməli olduğunu və sabahkı matça tam hazır olduqlarını qeyd edib.

Baş məşqçi həmçinin milli komandanın tarixində ilk dəfə Afrika təmsilçisi ilə üz-üzə gələcəyinə diqqət çəkib:

“Daha əvvəl bu qitənin kollektivləri ilə üz-üzə gəlməmişik, bu, yeni təcrübə olacaq. Tanımadığımız rəqiblərlə oynamaq futbolçular üçün dəyişiklik baxımından yaxşıdır. Rəqib reytinqdə bizdən üstün ola bilər, bu xalları elə-belə qazanmırlar. Onların Fransanın Liqa 1-də çıxış edən müdafiəçiləri var, texnikalıdırlar. Bizi yaxşı oyun gözləyir”.

Heyətdə müəyyən rotasiyaların gözlənildiyini deyən mütəxəssis millidə "birinci" və "ikinci" heyət bölgüsünün olmamasını istədiyini, çünki bütün futbolçuların hazır olmalı olduğunu bildirib. Ayxan Abbasov vurğulayıb ki, milli ilə qələbə qazanmaq hər bir məşqçi üçün böyük sevincdir və ardıcıl ikinci qalibiyyət komanda üçün ciddi motivasiya olar. O, cari ilin yığma komandanın tarixində ən yaxşı il ola biləcəyinə ümid etdiyini də əlavə edib.

İdman.Biz