İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem Britaniyada sərvəti 1 milyard funt sterlinqi keçən ilk idmançı olub.
İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, “Sunday Times Rich List” nəşrinin məlumatına əsasən, Bekhem və həyat yoldaşı Viktoriya Bekhemin ümumi sərvəti təxminən 1,185 milyard funt sterlinq qiymətləndirilir. Bu isə təxminən 1,6 milyard dollara bərabərdir.
Böyük Britaniyanın ən varlı idman nümayəndələrinin siyahısında Bekhemlər ailəsi ikinci pillədə qərarlaşıb. İlk sırada isə sərvəti 2 milyard funt sterlinq qiymətləndirilən “Formula-1”in sabiq rəhbəri Berni Ekleston yer alıb.
Bekhemin əsas gəlir mənbələrindən biri onun “İnter Mayami” klubundakı payıdır. Klub hazırda MLS-in ən bahalı komandası hesab olunur. Bundan əlavə, sabiq futbolçu adidas və “Hugo Boss” kimi qlobal brendlərlə əməkdaşlığını davam etdirir.
