Rəşad Eyyubov: “Əsas məqsədimiz oyunçuları A milliyə hazırlamaqdır” - VİDEO

26 Mart 2026 14:25
114
Rəşad Eyyubov: “Əsas məqsədimiz oyunçuları A milliyə hazırlamaqdır” - VİDEO

Heç bir rəqib qələbəni Azərbaycan U-21 millisindən daha çox arzulaya bilməz.

İdman.Biz xəbər verir ki, bunu komandanın baş məşqçisi Rəşad Eyyubov deyib.

33 yaşlı mütəxəssis Avropa çempionatının seçmə mərhələsində Portuqaliya yığmasına qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

O bildirib ki, futbolçular psixoloji baxımdan qələbəyə hazır olmalıdırlar:

“Rəqibin kimliyindən asılı olmayaraq, istər Portuqaliya, istərsə də başqa komanda olsun, biz hər oyuna qalibiyyət istəyi ilə çıxmalıyıq. Əsas məqsədimiz oyunçuları A milliyə hazırlamaqdır. Vacib olan onların müsbət təcrübə qazanması və növbəti mərhələyə keçərkən mental cəhətdən qalibiyyətlərə hazır olmalarıdır”.

R.Eyyubov komandanın müəyyən çətinliklərlə qarşılaşdığını da gizlətməyib.

Baş məşqçi bildirib ki, əsas problemlərdən biri futbolçuların fərqli liqalarda çıxış etməsidir:

“Bəzi oyunçular Əvəzedicilər Liqasında, digərləri isə Birinci Liqa və Premyer Liqada oynayırlar. Bu səbəbdən onların fiziki durumunu eyni səviyyəyə gətirmək asan deyil. Ən böyük çətinliyimiz də məhz budur. Bununla belə, fiziki baxımdan oyuna hazırıq”.

O, taktiki hazırlıqdan da söz açıb:

“Qısa zaman ərzində futbolçulara lazım olan maksimum taktiki məlumatı çatdırmağa çalışmışıq. Artıq əsas məsələ mental hazırlıqdır və bu da oyunçuların özlərindən asılıdır”.

Eyyubov əlavə edib ki, futbolçulara daim özlərinə inanmağı tövsiyə edir: “Onlara deyirəm ki, hədəflərini yüksək qoysunlar və buna inansınlar. Sadəcə bunu deməklə kifayətlənmək olmaz, meydanda əməli şəkildə sübut etmək lazımdır”.

Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsinin B qrupunda martın 27-də 8-ci km qəsəbə stadionunda Portuqaliya yığmasını qəbul edəcək.

İdman.Biz