“Sabah”ın ən yaxın izləyicisi “Qarabağ”la xal fərqini 10-a çatdırmasından sonra bir çox mütəxəssis və azarkeş paytaxt klubunu vaxtından əvvəl çempion elan etməyə başlayıb.
İdman.Biz xəbər verir ki, Azərbaycan çempionatının 12 qat qalibi, rekordçu Mahmud Qurbanov yaranmış vəziyyətlə bağlı fikirlərini bölüşüb.
“Bəli, əlbəttə, “Qarabağ”ın 25-ci turda “Kəpəz”ə məğlubiyyəti ağdamlıların şanslarını xeyli azaltdı və demək olar ki, çempionatda intriqanı öldürdü. Amma qarşıda hələ səkkiz tur var və futbolda hər şey mümkündür. “Bayquşlar” da, “köhlən atlar” da gözlənilməz xal itkiləri yaşaya bilər.
İndi çox şey Bakı klubunun sabitliyindən asılı olacaq. Hətta “Qarabağ” qalan bütün oyunlarını qazansa belə, liderin xal itirməsinə ehtiyac var. Nəzəri şanslar qaldığı müddətdə “Sabah”ın əlçatmaz olduğunu demək tezdir”, - deyə Qurbanov bildirib.
