Viktor Osimhen “Fənərbağça” ilə oyuna hazır olacaqmı?

23 Mart 2026 07:36
253
Viktor Osimhen “Fənərbağça” ilə oyuna hazır olacaqmı?

UEFA Çempionlar Liqasında “Liverpul” ilə keçirilən matçda qolu qırılan Viktor Osimhen barədə həkimlərin rəyi açıqlanıb. Əməliyyat olunacağı üçün 5-6 həftə sahələrdən uzaq qalması gözlənilən nigeriyalı forvardın “Qalatasaray”ın çempionluq yolundakı ən vacib sınağına yetişəcəyi hələ sual altındadır.

İdman.Biz Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub rəhbərliyi və tibbi heyətdən sızan məlumatlara görə, 27 yaşlı qolçunun aprelin 26-da keçirilməsi planlaşdırılan “Fənərbağça” derbisində iştirak ehtimalı 90 faizdir. Reabilitasiya dövrünün sürətlə keçəcəyi təqdirdə ulduz futbolçunun həlledici matçda komandasına kömək edə biləcəyi vurğulanır.

Buna baxmayaraq, Viktor Osimhen yaxın həftələrdə keçiriləcək bir neçə vacib qarşılaşmanı buraxmalı olacaq. Onun Superliqada “Trabzonspor”, “Göztepe”, “Kocaelispor” və “Gənclərbirliyi” ilə oyunlarda, həmçinin ölkə kubokunda “Gənclərbirliyi”nə qarşı matçda forma geyinməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, Osimhenin yoxluğunda hücum xəttindəki əsas yükün Mauro İkardinin üzərinə düşəcəyi gözlənilir.

İdman.Biz