“Əl-Nəsr” futbol komandasının hücumameyilli yarımmüdafiəçisi Joau Feliks Səudiyyə Pro Liqasında klub rekorduna şərik olub.
İdman.Biz xəbər verir ki, portuqaliyalı futbolçu cari mövsümdə etdiyi 11-ci qol ötürməsi ilə “Əl-Nəsr” tarixində bir mövsümdə ən çox assist edən oyunçular sırasına daxil olub.
Buna qədər sözügedən rekord cəmi üç futbolçuya məxsus idi. İlk dəfə Nordin Amrabat 2019/2020 mövsümündə bu göstəriciyə imza atıb. Daha sonra Kriştianu Ronaldu 2023/2024 mövsümündə, Sadio Mane isə ötən il (2024/2025) 11 məhsuldar ötürmə ilə yadda qalıb. Joau Feliks indi bu əfsanəvi adlarla eyni pillədə qərarlaşıb.
Hazırda mövsümün davam etdiyini nəzərə alsaq, 26 yaşlı Feliksin bu rekordu təkbaşına yeniləmək şansı olduqca yüksəkdir.
