İngiltərə Liqa Kubokunun “Arsenal”a qarşı keçiriləcək final matçına yollanan “Mançester Siti” azarkeşlərini daşıyan avtobusda yanğın baş verib.
İdman.Biz “Manchester Evening News” nəşrinə istinadla xəbər verir ki, hadisə London istiqamətində, M6 ödənişli magistral yolunun cənub hissəsində qeydə alınıb.
Hadisə yerinə dərhal cəlb olunan xilasetmə xidmətləri sayəsində bütün sərnişinlər və sürücü vaxtında təxliyə edilib. Daşıyıcı şirkətdən verilən məlumata görə, insident zamanı xəsarət alan olmayıb. Avtobusun yanması səbəbindən magistral yolda hərəkət əhəmiyyətli dərəcədə çətinləşib, azarkeşlər isə bir müddət yol kənarında gözləməli olublar.
Şirkətin rəsmi açıqlamasında qeyd olunub ki, təxliyə edilən futbolsevərlər digər nəqliyyat vasitələrinə mindirilərək “Uembli” stadionuna yola salınıblar.
