Azərbaycanda təşkil olunacaq “FIFA Series - 2026” beynəlxalq turnirinin təqvimində və formatında məcburi dəyişiklik edilib.
İdman.Biz xəbər verir ki, buna səbəb Oman milli komandasının Yaxın Şərqdə davam edən hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsidir. FIFA ilə razılaşdırılmış yeni formata əsasən, turnir artıq iki oyundan ibarət olacaq.
Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya yığması ilə üz-üzə gələcək. Ayın 30-da isə futbolçularımız Syerra Leone komandasını sınağa çəkəcəklər.
Hər iki qarşılaşma Sumqayıtda, Mehdi Hüseynzadə adına şəhər stadionunda baş tutacaq. Görüşlərin start fiti saat 19:00-da səslənəcək.
