Kvinsi Promesdən şok etiraf: “Əmioğlumu mən bıçaqladım”

18 Mart 2026 11:43
109
Kvinsi Promesdən şok etiraf: “Əmioğlumu mən bıçaqladım”

İndiyə qədər gizli qalan məqamlar rəsmən təsdiqlənib. Niderland futbol millisinin 34 yaşlı hücumçusu Kvinsi Promes apelyasiya mərhələsinin ilkin dinləməsində əmioğlusunu bıçaqladığını etiraf edib.

İdman.Biz “ESPN” nəşrinə istinadla xəbər verir ki, tanınmış vəkillər Gert-Yan və Kerri Knopsun köməyi ilə Promes əvvəlki mövqeyini dəyişmək qərarına gəlib.

Keçmiş milli komanda üzvü birinci instansiya məhkəməsində susmaq hüququndan istifadə etməsinin səhv olduğunu bildirib:

“Məhkəmə sisteminə olan bütün inamımı itirmişdim, hazırda isə psixoloji yardım alıram”.

Hadisə 2020-ci ilin iyulunda Niderlandın Abkoude şəhərində ailə şənliyi zamanı baş verib. Promes əmioğlusunu ailənin zinət əşyalarını oğurlamaqda ittiham edib və bu zəmində tərəflər arasında dava düşüb. Vəkillərin sözlərinə görə, münaqişə zamanı Promes bir dəfə bıçaq zərbəsi endirib, lakin o, həmin an affekt vəziyyətdə olub və ehtimal ki, özünü müdafiə edib.

Məhkəmədə vəkil Kerri Knops futbolçunun Dubayda həbs olunarkən yaşadığı travmalardan da danışıb. Promes orada digər məhbusların işgəncə səslərini eşitdiyini və günlərlə əlaqəsi olmayan mövzularda sorğu-sual edildiyini söyləyib.

Qeyd edək ki, bıçaqlanma hadisəsi ilə yanaşı, Promes 1300 kq kokainin idxalında iştiraka görə də təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Amsterdam məhkəməsində iştirak edən futbolçu hələ də karyerasını bitirmək niyyətində deyil.

İdman.Biz