“İnter Mayami” MLS-in son turunda “Şarlott” ilə qolsuz bərabərliyə razılaşıb. Azarkeşlərin marağına səbəb olan əsas məqam isə Lionel Messinin heyətdə yer almaması olub.
İdman.Biz xəbər verir ki, argentinalı hücumçunun yoxluğu zədə ilə deyil, strateji qərarla bağlıdır. Bir neçə gün əvvəl “Neşvill”ə qarşı KONKAKAF Çempionlar Kuboku matçında 90 dəqiqə meydanda olan Messini qorumaq üçün texniki heyət ona istirahət verib.
Komandada rotasiya bununla bitməyib. Heyətin kilit isimlərindən olan Rodriqo De Paul da bu qarşılaşmanı buraxıb. Hücum xəttində Luis Suares start heyətində yer alsa da, Messi olmadan qol vurmaqda çətinlik çəkib.
Matçdan sonra köməkçi məşqçi Xavyer Morales qərarın kollektiv şəkildə verildiyini bildirib:
“Çərşənbə və şənbə günləri sıx qrafiklə oynayırıq. Qarşıda bizi vacib ev oyunu gözləyir. Bu səbəbdən Messini qorumaq ən doğru qərar idi”.
Görüş həm də baş məşqçi Xavyer Maskeranonun oyundan qovulması ilə yadda qalıb. Uzatma dəqiqələrində ardıcıl iki sarı vərəqə alan mütəxəssis texniki zonanı tərk edib. Morales hakimin bu qərarda həddindən artıq həssas davrandığını və Maskeranonun enerjisinin yanlış başa düşüldüyünü qeyd edib.
Qeyd edək ki, “İnter Mayami” mövsümün ilk dörd oyununda yeddi xal toplayıb.
